Əzələlərin asimmetriyası (qeyri-bərabərliyi): onu necə düzəltmək olar?

 Trenajor zallarında məşq edən insanların əksəriyyəti hiss etməyə başlayırlar ki, bədənin sol və sağ hissələrinin cüt skelet əzələləri bir az fərqlənə bilərlər. Əslində əzələlərin asimmetriyası demək olar ki, hər bir insanda mövcuddur. Əzələlərin asimmetriyasını düzəltmək mümkündürmü? Əgər mümkündürsə, bunu necə etmək olar? Birazdan bu məqalədə oxuyun.

 

  İlk öncə əzələlərin asimmetriyasının əmələ gəlmə səbəbini müəyyənləşdirmək lazımdır, ona görə ki, nəticəni deyil, səbəbi aradan qaldırmaq lazımdır. Əksər hallarda əzələlərin asimmetriyasının səbəbi skoliozdur – onurğanın əyilməsi. Bu halda ilk öncə asimmetriyanın deyil, onurğanın düzləşdirilməsi ilə məşğul olmaq lazımdır. Qeyd etmək lazımdır ki, skolioz zamanı onurğaya şaquli ox xətti üzrə yüklənmə və çevrilmələr ilə dairəvi hərəkətlər nəzərdə tutan məşqlər qadağandır. Bunlara oturub-durmalar, yerdən qaldırma, ayaqüstü jimlər, yan tərəfə qantel ilə əyilmələr və s. aiddir. Belə məşq hərəkətlərini başqaları ilə əvəzləmək və ya ümumiyyətlə öz məşq proqramınızdan çıxarmaq lazımdır. Məsələn, oturub-durmalar əvəzinə trenajorda ayaqların açılma hərəkətini yerinə yetirin. Bel üçün trenajorda T-qrifinin qaldırma hərəkətini, deltalar üçün isə - qantellərlə köndələn skamyada oturaraq dönüşlər edin. Tirdə müxtəlif dartılmalar və yuxarı blokun çəkilmələrini yerinə yetirmək çox faydalıdır, çünki bu hərəkətlər bel əzələlərini möhkəmləndirməklə yanaşı, onurğanı dartıb uzadırlar. Bundan əlavə əzələ-bağ korsetinin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş xüsusi yüngül fiziki məşq hərəkətləri kompleksərini yerinə yetirmək tövsiyə olunur.

 Lakin əzələlərin anadangəlmə asimmetriyası da mövcuddur və onunla mübarizə aparmaq demək olar ki, mümkün deyil. Əgər əzələlərin bərkidilməsi bədənin sağ və sol tərəfində eyni deyilsə, bunu heç bir hərəkətlərlə düzəltmək mümkün deyil. Anadangəlmə asimmetriyanın tipik nümunəsi – qarın əzələləridir. Əksər insanlarda onlar simmetrik deyil və bunu heç cür dəyişmək mümkün deyil. Məsələ ondadır ki, qarının düz əzələsini eninə bölən və həmin press “kubik”lərini yaradan vətərlərin yerləşməsini genetika müəyyən edir və çox vaxt onlar qeyri-simmetrik yerləşirlər. Buna görə də, çox nadir hallarda ideal simmetrik qarın əzələlərina sahib olan insana rast gəlmək olar. Abdominal əzələlərin asimmetriyası o qədər yayılmış haldır ki, buna heç kim fikir belə vermir.

Böyük ehtimalla Siz fikir vermisiniz ki, bir çox peşəkar bodibilderlərdə qarın əzələləri o qədər də ideal deyil, amma buna baxmayaraq onlardan bəziləri dünyanın ən nüfuzlu yarışlarında qalib gəlmişdirlər. Belə ki, əzələlərin asimmetriyası elə də ciddi problem deyil. Anlamaq lazımdır ki, problem daha çox başınızdadır, yəni psixolojidir. Əslində, əksər insanlar bunu hiss etməyəcəklər, əgər Siz bunu özünüz deməsəniz.

Bununla belə, əgər asimmetriya o qədər nəzərə çarpandırsa, o zaman aşağıdakı tövsiyələrə əməl edin:

1. Əzələ kütləsini artırmağa davam edin. Kütlə nə qədər çox olarsa, bədənin sol və sağ tərəfinin əzələləri arasında fərq o qədər də az olacaqdır.

2. Məşqlərin yerinə yetirilməsi zamanı fikri olaraq inkişafdan qalan əzələnin fəaliyyətində diqqətinizi toplamağa çalışın.

3. Sinə əzələlərinin və qol bisepslərinin asimmetriyası zamanı ştanqı müvəqqəti olaraq qantellərlə əvəzləmək olar. Geridə qalan tərəfdə diqqəti toplamaqla yanaşı, 1-2 təkrar daha çox yerinə yetirmək və ya sonda geridə qalan əzələ üçün əlavə yanaşma əlavə etmək olar.

 

Go to top