Yetkin insanın boyu onun genlərindən, eləcə də ümumi sağlamlıq durumundan və böyümə dövründəki qidalanmasının keyfiyyətindən asılıdır.
Yetkin insanın boyu onun genlərindən, eləcə də ümumi sağlamlıq durumundan və böyümə dövründəki qidalanmasının keyfiyyətindən asılıdır. Sağlam insanın boyuna görə aşağıdakı hormonlar cavabdehdirlər: böyümə hormonu, cinsiyyət hormonları və qalxanvarı vəzin hormonları.
Boy nədən asılı olur?
Yetkin insanın boyu ona valideynlərindən irsən keçən genlərlə müəyyən olunur. Həmçinin orqanizmin sağlamlıq durumu və inkişaf dövründəki qidalanma böyük əhəmiyyət kəsb edir. Qısa boylu valideynləri olan uşağın, hündür boylu valideynlərin uşaqları ilə müqayisədə aşağı boylu qalmaq şansı daha çoxdur. Lakin həyatda bu qaydadan istisna halları az deyil. Bəzən doğma bacılar v qardaşlar böyüdükdən sonra öz boyları ilə fərqlənirlər. Bəzən isə elə olur ki, ailədə digər ailə üzvləri ilə müqayisədə həddindən artıq hündür və ya kiçik uşaq dünyaya gəlir. Xəstəliklər, uşaq vaxtı pis qidalanma, doğularkən boyun kiçik olması və ya vaxtından qabaq doğulma ona gətirib çıxara bilər ki, insan böyüdükdən sonra öz potensial boy hündürlüyünə çata bilməyəcəkdir. Əsrdən əsrə insanın orta boy hündürlüyü tədricən çoxalır. Bu ona görə baş verir ki, uşaqlar daha yaxşı qidalanırlar və daha az xəstələnirlər.
Orqanizmin normal inkişafı
Ən böyük sürətlə insan doğuşdan əvvəl böyüyür. O doqquz ay ərzində, demək olar ki, sıfırdan təxminən 50 sm-dək böyüyür. Doğulduqdan sonra böyümə sürəti azalır. Səkkiz yaşlı uşaq bir il ərzində təxminən 5,5 sm boy artırır. Cinsi yetkinləşmə dövründə böyümə yenidən sürətlənir. Buna boyümənin pubertat sürətlənməsi deyilir. Cinsi yetkinləşmə dövründən qabaq oğlanlar və qızlar eyni sürətlə böyüyürlər. Lakin pubertat dövründə oğlanlar qızlardan daha sürətlə böyüyürlər. Orta hesabla yetkin kişi yetkin qadından 14 santimetr hündür olur. Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Cinsi yetkinləşmə dövründə böyümə plastinalari həmçinin böyüyürlər və pubertatın sonunda böyümə qabiliyyətini itirirlər. Skelet sümüklərinin hamısının böyüməsi eyni vaxtda dayanmır. İlk öncə qolların və ayaq pəncələrinin böyüməsi dayanır. Daha sonra çiyinlərin və ayaqların. Ən sonda onurğanın böyüməsi dayanır. Bütün cinsi yetkinləşmə dövrü ərzində bədənin böyüməsi tədricən zəifləyir. Və uşaq yetkin insana çevriləndən sonra onun böyüməsi dayanır. Bu o deməkdir ki, böyümənin dayanması müəyyən yaşla bağlı deyil. “Erkən inkişaf etmiş” uşaqların böyüməsi inkişafı gecikmiş uşaqlardan daha tez dayanır. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Əksinə, yaşımızız çoxaldıqca boyumuz gödəlir. Sağlam insanın böyumə prosesi bir neçə hormonlarla nizamlanır:
· Hipofiz tərəfindən hasil olunan və əsas boyumə faktoru olan böyümə hormonu ilə
· Qalxanvarı vəzin hormonu ilə
· Cinsiyyət hormonları: testesteron və ya estrogenlər ilə. Bu hormonlar cinsi yetkinləşmə dövründəki böyüməyə böyük təsir göstərirlər.
Həddindən artıq hündür və ya aşağı boylu olmaq nə deməkdir?
Normal hündürlük kriteriyaları fərqlənə bilərlər və insanın yaşadığı qitə, onun irqi və ya şamil olduğu etnik qrup ilə bağlıdırlar. Buna görə də, həkimlər və ya ətrafdakı insanlar tərəfindən “hündür” və ya “kiçik” kimi xarakterizə olunmuş insanın boy hündürlüyü onun yaşadığı yerdən və ya onun milliyyətindən asılı olaraq dəyişə bilər.
Normal boy hündürlüyü ayrıca götürülmüş xalq daxilində də dəyişir, və həddindən artıq hündür və ya kiçik insanların çoxu tamamilə sağlamdırlar. Sadəcə olaraq onların hündürlüyü bu xalq üçün normal qəbul edilmiş yuxarı və ya aşağı həddədir. Böyüməyə təsir edən sağlamlıq problemlərindən o hallarda danışmaq olar ki, uşaq həddindən artıq sürətlə və ya gec böyüyür.
Uşağın həddindən artıq gec böyümə səbəbləri aşağıdakılar ola bilər:
1. Qalxanvarı vəz və ya böyümə hormonunun çatışmazlığı.
2. Böyüməyə cavabdeh olan hormonların normada olması, lakin skelet sümüklərinin lazımı dərəcədə reaksiya verməməsi halları. Məsələn, buna Şereşevki-Terner sindromu və axondroplaziya səbəb ola bilər.
3. Böyüməyə təsir edən xəstəliyin olması. Məsələn, ciddi həzm və tənəffüs orqanları xаstəlikləri olan uşaqlar boyümədə geri qala bilərlər. Demək olar ki, hər bir hündür boylu insan tamamilə normaldır və sağlamlıq problemləri yaşamır. Həddindən artıq hündür olmağın səbəbi Marfan və Klaynfelter sindromu, eləcə də çox nadir rast gəlinən hipofiz şişləri ola bilər. Bu şişlər hipofizi həddindən çox böyümə hormonu hasil etməyə vadar edir, bu isə çox sürətli böyüməyə (giqantizmə) gətirib çıxara bilər.
Boy hündürlüyü ilə bağlı hansı hallarda həkimə müraciət etmək lazımdır?
Əgər uşaq həddindən artıq sürətlə və ya gec böyüyürsə, həmçinin boyca öz həmyaşıdlarından çox fərqlənirsə, həkimlə məsləhətləşmək tövsiyə olunur.
Boyu artırmaq mümkündürmü?
Əgər uşaqda böyümə pozuntuları aşkar olunubsa, adətən onu müayinə edirlər. Mövcud xəstəliyin və ya hormon çatışmazlığının müalicəsi prosesi normallaşdırmağa kömək edir. Gələcəkdə insan, demək olar ki, öz potensial yetkin boy hündürlüyünə çata bilər. Skelet böyüməni dayandırdıqdan sonra heç bir dərmanlar kömək etməyəcəklər. Sümüklərin uzunluğunu və nəticə etibarilə boy hündürlüyünü cərrahiyə əməliyyatın köməyilə çoxaltmaq mümkündür. Əməliyyat zamanı ayaq sümüklərini bıçqılayırlar və tədricən bir-birindən aralayırlar. Adətən, belə boy uzatma əməliyyatları yetkin insanlar üzərində aparılmır, çünki sümüklərin parçalanması və ya infeksiya kimi ağırlaşmaların meydana gəlmə təhlükəsi var.
Diqqət!
İnternetdə boyun artırılması ilə bağlı tövsiyələr olan və kim tərəfindən yazıldığı məlum olmayan çoxlu məqalələr tapmaq mümkündür. Belə məqalələrin əsas məqsədi həmin internet resursa diqqəti cəlb etmək və ya hansısa əlavələri satmaqdır. ATLET.AZ xəbərdar edir: əgər yaşınız 20-dən yuxarıdırsa, boy artırmaqla bağlı vaxtınızı, qüvvənizi itirməyin və xülyalara qapılmayın. Özünüzü olduğunuz kimi qəbul edin.
İdman bədənə, oxumaq isə zehnə faydalıdır